Bakü
19 iyun, 2024, çərşənbə
  • DOLAR
    32.52
  • EURO
    34.99
  • ALTIN
    2431.4
  • BIST
    10471.32
  • BTC
    65005.22$

AUKUS Rusiya-Çin hərbi ittifaqına qarşı hazırlanır


AUKUS Rusiya-Çin hərbi ittifaqına qarşı hazırlanır

Çinin raket arsenalı ABŞ-ın raket arsenalını tədricən üstələyir. Bunu “The Wall Street Journal” dərgisi yazıb. Amerikalı konqresmenlər isə Rusiya və Çinlə mübarizə aparmaq üçün ABŞ-ın nüvə potensialının artırılmasını vacib sayırlar.

Vaşinqton hesab edir ki, Pekinin Moskva ilə yaxınlaşmasının məqsədi ABŞ-ın zəiflətməkdir. Rusiyanın Ukraynada apardığı müharibəyə Çinin verdiyi gizli dəstək də bununla bağlıdır.

Reyting.az
-ın xəbərinə görə, bu, "Atlas" Araşdırmalar Mərkəzinin təhlilində bildirilib.

Qeyd olunur ki, “The Sydney Morning Herald” dərgisində yayımlanan məqalədə ABŞ-ın Çini durdurmaq üçün Avstraliyanı atom sualtı gəmiləri ilə təhciz edəcəyi yazılıb. Bu, AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ arasında ittifaq) formatı çərçivəsində həyata keçiriləcək. ABŞ, Böyük Britaniya və Avstraliya liderləri Amerikanın San-Dieqo şəhərində keçirdikləri son zirvə görüşündə Çinin siyasəti ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Rusiya-Çin ittifaqı ABŞ-ı AUKUS formatı çərçivəsində strategiyasını gücləndirməyi diqtə edib. Amerika Çinə həmsərhəd olan dövlətləri də gücləndirməyə qərar verib. Bu sırada Hindistan, Vyetnam, Yaponiya və Avstraliyadır.

Vaşinqton eyni zamanda Mərkəzi Asiya ölkələrinin Çindən və Rusiyadan asılılıqlarını azaltmaq üçün müxtəlif təşəbbüslər həyata keçirməyə çalışır. ABŞ Senatında çıxış edən milli kəşfiyyat rəhbəri Evril Heyns senatorları bu sözlərlə xəbərdar edib: “Pekin Moskva ilə strateji tərəfdaşlığı dərinləşdirdikcə Amerika və onun müttəfiqlərinə qarşı yeni təhlükələr yaradır”.

Pekin Vaşinqtondan çəkinmədiyini göstərməyə çalışır. Üçüncü dəfə Çin rəhbəri seçilən Si Cinpin mübarizəyə hazır olduğunu nümayiş etdirir.

Böyük Britaniyanın baş naziri Rişi Sunak son 18 ayda dünyadakı problemlərin artdığını vurğulayıb: “Ukraynadakı işğalçı müharibə davam edir, İran və Şimali Koreya beynəlxalq aləmə təhlükələr yaradırlar. Çinin artan hərbi gücü və qonşularına təhlükə yaratması da əsas müzakirə mövzularından biridir”.

Vaşinqton və London Avstraliyanı hərbi nöqteyi-nəzərdən gücləndirməyə qərar veriblər.

Birinci mərhələdə avstraliyalı dənziçilərə atom sualtı gəmilərini idarə etmək öyrədiləcək.

İkinci mərhələdə ABŞ 2027-ci ilə qədər Avstraliyanın hərbi-dəniz bazasında “Virginia” tipli 4 atom sualtı gəmisi yerləşdirəcək. Böyük Britaniya isə “Astute” tipli atom sualtı gəmisini Avstraliya limanına gətirəcək.

Üşüncü mərhələdə ABŞ və Böyük Britaniya Avstraliyaya yerli sualtı gəmilərin istehsalına da kömək edəcəklər.

Vaşinqton hərbi gücünü artırmaqla yanaşı Pekinlə dialoqdan da imtina etmək istəmir. Ancaq dialoq hələ ki, alınmır.

Birincisi, dövlət katibi Entoni Blinken fevral ayının əvvəlində Pekinə səfərə hazırlaşarkən, Amerika səmasında Çinə məxsus kəşfiyyat şarları aşkarlandı. Bu Blinkenin Pekinə səfərinin təxirə salınması ilə nəticələndi.

İkincisi, ABŞ-ın Çinə qarşı sanksiyaları artıb. Sanksiyaya məruz qalanlar arasında Çinin yeni müdafiə naziri Li Şanfu da var. O, Rusiyadan Su-35 hərbi təyyarələri və S-400 raket kompleksləri aldığına görə sanksiya siyahısına salınıb. Belə olan halda Pentaqon rəhbərinin çinli həmkarı ilə görüşü mümkünsüzdür.

Üçüncüsü, Çin lideri Si Cinpinin Moskvaya iki günlük səfəri və Rusiya ilə strateji tərəfdaşlığı dərinləşdirmək qərarı Vaşinqtonla Pekin arasında dialoqa mənfi təsir edib.

ELÇİN

Videolar üçün YouTube kanalımız abunə olmağı unutmayın!

Şərh yazın

E-poçt hesabınız saytda dərc olunmayacaq. Tələb olunan bölmələr ilə işarələnmişdir.

Başqa xəbər yoxdur!